ELM VƏ TƏHSİL
Növbəti TOEFL iBT imtahanları keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar iki növbədə DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
Günün birinci yarısında keçirilən imtahanda 13, ikinci yarısında keçirilən imtahanda isə 1-i əcnəbi olmaqla 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının avqustun 7-də keçirilməsi nəzərdə tutulur.