CƏMİYYƏT
Növbəti genişmiqyaslı təmizlik aksiyaları keçirilib





Bakı, 10 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, rayon icra hakimiyyətlərinin dəstəyi ilə növbəti təmizlik aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, ETSN-in, yerli icra orqanlarının əməkdaşlarının və könüllülərin iştirakı ilə bu dəfə Xəzər dənizinin şimaldan cənuba doğru sahilboyu əraziləri, eyni zamanda respublikanın bir sıra bölgələrində çay sahilləri tullantılardan təmizlənib. Aksiyalar zamanı toplanmış plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.
İyunun 10-da Xəzər dənizinin Bilgəh sahilində keçirilən aksiyada iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, Xəzərin beş sahilboyu ərazisində və yeddi çayın sahilində təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir: “Dörd həftədir ki, şənbə günləri müxtəlif qurumlarla birlikdə sahilyanı ərazilərdə təmizlik aksiyaları keçiririk. Çox təəssüf ki, hələ də vətəndaşlara çağırışlarımız istənilən nəticəni verməyib. Hələ də ərazilərin müxtəlif tullantılarla çirkləndirilməsi faktlarına rast gəlirik. Vətəndaşlara, Xəzərin, çaylarımızın sahillərinə üz tutanlara bir daha səslənirik ki, Xəzər dənizini təmiz saxlasınlar, çayları çirkləndirməsinlər. Hər birimiz elementar vərdişlərə riayət etsək, istirahət etdiyimiz ərazini tullantılarla çirkləndirməkdən çəkinsək, o zaman həm ətraf mühitimizə zərər dəyməyəcək, həm də sağlamlığımızı qorumuş olacağıq”.
Belə aksiyaların davamlı olacağını diqqətə çatdıran nazir müavini iştirakçılara nazirlik adından minnətdarlığını bildirib.
Aksiyada könüllü iştirak edən Nuranə Nəcəfova gəncləri ətraf mühitin mühafizəsi tədbirlərində aktiv iştiraka səsləyib: “Biz gənclər olaraq həm təbiətimizi qorumalı, həm də belə təşəbbüslərin aktiv iştirakçısı olmalıyıq. Bir neçə dəfə ekoloji aksiyalarda iştirak etmişəm. Dəniz sahilində dincələnlərin hələ də tullantıları həmin ərazidə qoyub getmələrinə təəccüblənirəm. Evimizdə, mənzilimizdə nəsə yeyib-içəndə qalıqları masada buraxmır, ayrılmış xüsusi torbaya atırıq. Təbiət hər birimizin evidir. Necə ki, fərdi evlərimizin, mənzillərimizin təmizliyinə riayət edirik, təbiətdə, dəniz, çay sahillərində olduqda həmin yerləri də çirkləndirməməliyik. Vətəndaşlarımız, xüsusilə də çay və dəniz sahilində dincəlməyi sevənlər ən azı bir dəfə belə aksiyalara qoşulsalar, özlərindən sonra qoyub getdikləri mənzərənin əyani şahidi olacaqlar. Bir gənc olaraq öz həmyaşıdlarıma, vətəndaşlarımıza səslənirəm ki, ətraf mühitin çirkləndirilməsinə deyil, qorunmasına, təmiz saxlanılmasına töhfə versinlər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, ətraf mühitə qayğı və həssas münasibət göstərməyə çağırır.