CƏMİYYƏT
Növbəti ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 7,6 faiz artımla nəzərə alınıb
Bakı, 17 noyabr, AZƏRTAC
Dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üzrə 2022-ci il dövlət büdcəsindən ayrılan vəsaitin, yəni, transfertin həcmi 1 milyard 146 milyon manat müəyyən edilib. 2022-ci ildə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 16 faiz azalaraq 38 faizdən 22 faizə enib.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov noyabrın 17-də parlamentdə 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda deyib.
O qeyd edib ki, 2022-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2021-ci ilin gözlənilən xərcləri ilə müqayisədə 351 milyon manat və ya 7,6 faiz artımla nəzərə alınıb. Nazir müavini, həmçinin Dövlət Sosial Müdafiə Fondunun əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayının 2017-ci ildəki 12 min işdən 2021-ci ildə 465 işə endiyini söyləyib. Beləliklə, məhkəmə aktları üzrə öhdəliklər 63 milyon manatdan 1,7 milyon manata enib.