REGİONLAR
Növbəti tədris ilində daha 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılacaq
Biləsuvar-Masallı, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 11-də Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib.
Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediaturun məqsədi jurnalistləri bölgələrdə ümumtəhsil məktəblərində təhsil alan istedadlı uşaqlar, xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanış etməkdir.
Mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbində olublar.
Jurnalistlərə məlumat verilib ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb.
Hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir.
Daha sonra mediatur iştirakçıları məktəbdə fəaliyyət göstərən VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar.
Qeyd olunub ki, bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir.
Həmin siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil olunur.
Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər və rayonlar üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Bu siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.
Mediatur Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərə səfərlə davam etdirilib. KİV-lərin nümayəndələri sözügedən ümumi təhsil müəssisələrində yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanış olublar.
Qeyd edilib ki, hər iki icma əsaslı məktəbəqədər təhsil qruplarında 3-4 yaşlı 20 uşaq dörd gün ərzində iki saatlıq məşğələlərə cəlb olunur. 2019-cu ilin oktyabr ayından Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi və 2017-ci ildən “UNİCEF Azərbaycan” və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən “İcma qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi həyata keçirilir. İcma əsaslı məktəbəqədər təhsil qrupları Masallı da daxil olmaqla, respublikanın 33 bölgəsində yaradılıb.
İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda, məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.
Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla, ümumilikdə, 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu qrupların hər birində orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq olmaqla, ümumilikdə, 6212 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Mediatur iştirakçıları həmin qruplardakı məşğələləri izləyiblər. Məlumat verilib ki, dərslər yerli və estoniyalı mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqramda uşaqların sosial emosional, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişaf dinamikası izlənilir.
Diqqətə çatdırılıb ki, 2020-2021-ci tədris ilində daha 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulub.