REGİONLAR
Novruz mətbəxi - səkkiz günə bişirilən Sümələk halvası VİDEO
Saatlı, 21 mart, Aydın Yavərzadə, AZƏRTAC
Paxlava, şəkərbura, badambura, qoğal, qorğa, boyanmış yumurta... Xalqımızın qədim bayramlarından olan Novruz həm öz adət-ənənələri, həm də mətbəxi ilə zəngindir. Lakin Novruz mətbəxinin bəzi şirniyyatları artıq unudulmaq üzrədir. Onlardan biri də Sümələk halvasıdır. Bu halva həm də Səməni halvası adı ilə tanınır. Ölkəmizin azsaylı xalqlarından olan axıskalılar Sümələk halvasının hazırlanması ənənəsini bu gün də qoruyub saxlayırlar. Sümələk halvası nə az, nə çox, səkkiz günə ərsəyə gəlir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sümələk halvası Saatlı rayonunun Şirinbəy kəndində yaşayan axıskalılar tərəfindən hər il Novruzda bişirilir.
Halvanı hazırlamaq üçün qonşular bir həyətə yığışır və hər kəs özü ilə buğda payını gətirir. Qonşu xanımlar, əvvəlcə, buğdanı təmizləyir, sonra təmizlənmiş buğdalar suda yuyulur.
Abidə Urfanova söyləyir ki, buğdalar 1-2 dəfə yaxalanmalı, kisənin içinə doldurulmalıdır. Sonra isti otaqda saxlanmalıdır: “Otağın temperaturu 30-40 dərəcəyə yaxın olmalıdır. Bir gün otaqda qaldıqdan sonra bir barmaq qalınlığında eyni səviyyədə səririk ki, suyu qalmasın. Beləcə bir gündə 3-4 dəfə su veririk. Həmin otağa işıq düşməməlidir və mütləq qaranlıq olmalıdır. Çünki işıq şüası altında rişənin (cücərtinin) göyərməsi daha uzun çəkə bilər. Bu mərhələ altı gün olur. Sonra xanımlar növbə ilə buğdanı ət maşınından keçirir. Buğda beləcə üç dəfə ət maşınında çəkilir. Bu işləri yerinə yetirərkən bir-birimizə kömək edir, deyib-gülürük. Çox gözəl, mehribançılıq olur”.
Buğda tam çəkildikdən sonra yeddinci günün hazırlıqları başlayır. Hansı həyətdə ki, Sümələk halvası bişəcək, orada böyük qazanlar üçün xüsusi ocaqlar düzəldilir. Hər qonşunun payına əlavə olaraq 1 kiloqram maye yağ, 10 kiloqram un düşür. Un ələnir, buğda çəkilən zaman götürülən şirə ilə birgə qazana tökülür. Sonra duru yağ əlavə edilir.
Kənd sakini Nəzirə Mürsəlova deyir ki, halvaya nə əlavə edilirsə, hamısı çəki ilə olmalıdır. “Məsələn 160 kiloqram un, 25 kiloqram taxıla bölünür, ayrı-ayrı qazanlara tökülür. Unu əlavə etdikcə qarışdırılır ki, topa-topa olmasın və qazanın tibinə çökməsin. Bu zaman diqqət olunacaq digər bir məqam da ocağın altının eyni səviyyədə yanmasıdır” – deyə Nəzirə Mürsəlova bildirir.
Sümələk halvasının bişmə prosesi 24 saat çəkdiyi üçün qonşu xanımlar bir gün fasilə vermədən növbə ilə qazanları qarışdırırlar. Bu, həm də insanların birliyini, bərabərliyi, yardımlaşmağı özündə əks etdirir. Beləliklə, Sümələk halvası hazır vəziyyətə gətirilir. Halva bişdikdən sonra bərabər ölçüdə bölünür və çayla süfrəyə verilir. Hər qonşu öz payını götürür. Həmçinin halva bişirməyən qonşulara da bir qab pay ayrılır.
Bundan başqa, Sümələk halvası bişirilən zaman niyyət edilərkən kiçik ölçülü çay daşları yuyularaq təmizlənir və hər kəsə paylanılır. Niyyət tutulduqdan sonra isə qazana atılır. Halva süfrəyə verildikdə isə həmin daşlar çıxarılır. Bu da, insanlarda tutulan arzunun tezliklə reallaşacağı anlamındadır.
İllərdir qorunub saxlanılan Sümələk bişirmə adəti hər il ayrı evdə yerinə yetirilir. Kimin niyyəti qəbul olunursa, ocaq gələn il onun həyətində yandırılır.
Qonşular bu dəfə Sümələk halvası hazırlayarkən Allahdan şəhidlərimizə rəhmət diləyib, işğaldan azad olunmuş Qarabağımızın, Şuşamızın tezliklə yenidən bərpa olunmasını, insanların öz doğma yurdlarında firavan yaşamalarını niyyət edib, xalqımıza xoş günlər arzulayıblar.