REGİONLAR
Noyabr ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə 2143 sərnişin daşınıb
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Ötən ay İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1135, Bakıdan Naxçıvana isə 1008 sərnişin daşınıb.
Muxtar respublikanın Dövlət Nəqliyyat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, noyabr ayında Naxçıvanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 483 taksi sərnişindaşıma fəaliyyətini davam etdirib.
Payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası davam etdirilib, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan, həmçinin yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz olmasına nəzarət artırılıb. Ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrində mövcud çatışmazlıqların aradan qaldırılması üçün sahibkarlara lazımi kömək göstərilib.
Naxçıvan şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin edilməsi üçün tədbirlər görülüb, Xətai məhəlləsində yeni obyektlərin istifadəyə verilməsi ilə əlaqədar 1 nömrəli marşrut xəttinin hərəkət istiqaməti uzadılıb.
Noyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilib, Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib.