CƏMİYYƏT
Noyabrda respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb
Bakı, 5 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası noyabrda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Monitorinqlərin nəticələrinə görə, respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb. Onlardan 23-ü Bakıda baş verib.
Bu barədə AZƏRTAC-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Səbail rayonunda Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda noyabrın əvvəllərində çatlar müşahidə edilib. Həmçinin torpaq qatında mövcud çatlarda genişlənmələrlə yanaşı, yeni çatlar qeydə alınıb. Hazırda ərazidə gərgin vəziyyət qalmaqdadır. Rayonun Buxta küçəsi adlanan ərazisində isə monitorinqlər davam etdirilib, quraşdırılmış mayaklarda çatlar müşahidə edilib, prosesin dinamikasında isə nisbi aktivlik qeydə alınıb.
Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Bundan əlavə, Binəqədi rayonunda, I mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb. Həmin ərazilərdə, həmçinin subasma prosesinin dinamikasında stabil gərginlik davam edir. Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.