ELM VƏ TƏHSİL
Nüfuzlu ali məktəblərin kurikulumlarının universitetlərimizdə tətbiqi barədə müzakirələr aparılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Tədrisin təşkili və keyfiyyətinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru İlham Mədətov cəmiyyətdə hər zaman aktuallığını saxlayan müvafiq mövzuda alim və mütəxəssislərimizin öz təcrübə və düşüncələrini həmkarları ilə bölüşmələri baxımından tədbirin əhəmiyyətini vurğulayıb. O deyib: “Əminəm ki, ixtisaslı kadr hazırlığını hədəfləyən bu seminar davamlı keçiriləcək. Çünki bu cür tədbirlər tərəflər üçün faydalıdır”.
Yeni beynəlxalq təhsil sisteminə inteqrasiya və sənaye-universitet əməkdaşlığının tədrisdə tətbiqini şərtləndirən seminarda “Təhsilin təşkilinə yeni innovativ yanaşma”, “Keyfiyyətin təmin olunması və qiymətləndirilməsi”, “Universitetlərin Beynəlxalq və Daxili Akkreditasiya hazırlığının əsas elementləri” və digər aktual mövzularda müzakirələr aparılıb.
Tədbirdə, həmçinin tədrisin keyfiyyətli idarəedilməsi istiqamətində dünyanın nüfuzlu ali təhsil ocaqlarının kurikulumlarının universitetlərimizdə tətbiq imkanları nəzərdən keçirilib.