REGİONLAR
Nurəddin Həsənov: Nar festivalı dövlətimizin narçılığa göstərdiyi dəstəyin bariz nümunəsidir
Göyçay, 3 noyabr, AZƏRTAC
Göyçayda ənənəvi keçirilən Nar festivalı dövlətimizin narçılığa göstərdiyi dəstəyin bariz nümunəsidir. Göyçaylı fermerlər ildən-ilə nar bağlarının ərazisini genişləndirməklə daha çox məhsul istehsalına çalışırlar.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XIII Nar festivalının iştirakçısı, rayon sakini, bioloq Nurəddin Həsənov deyib.
Azərbaycanın narın vətəni olduğunu bildirən Nurəddin Həsənov qeyd edib ki, nar festivalında bir-birindən gözəl nar sortları nümayiş etdirilir. Yerli və xarici turistlər onların dadına baxmaq imkanı əldə edirlər. Bu narların dadına və keyfiyyətinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.
Onun sözlərinə görə, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda yeni nar sortlarını əldə etmək və çoxaltmaq, eyni zamanda, keçmişdən qalan növləri qoruyub saxlamaq üçün fond yaradılıb.
Azərbaycanda narın müxtəlif sortlarının geniş yayıldığını deyən bioloq “Gülöyşə”, “Balamürsəl”, “Vələs”in dünyada bənzəri olmadığını bildirib.
Nurəddin Həsənov builki nar bayramında Göyçayın Mallı Şıxlı kəndində heç bir dərmandan istifadə edilmədən yetişdirilən və ağırlığı 1 kiloqram olan narın da nümayiş olunduğunu vurğuladı.