İQTİSADİYYAT
OPEC: Gələn il Azərbaycanın neft hasilatı sutkada 780 min barrel olacaq
Bakı, 12 dekabr, AZƏRTAC
2019-cu ildə Azərbaycanın gündəlik neft istehsalı 780 min barrel təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, cari ilin oktyabrında Azərbaycanın sutkalıq neft hasilatı 10 min azalaraq 800 min barrel olub. Bu ilin 10 ayında isə ölkədə gündəlik neft istehsalı orta hesabla 800 min barrel təşkil edib və ilin sonuna kimi bu səviyyədə qalması nəzərdə tutulur. Gələn ilə isə sutkalıq hasilatın 780 min barrelə enməsi gözlənilir. Belə ki, OPEC və OPEC+ razılaşması üzrə Azərbaycan gündəlik neft hasilatını gələn ilin ilk 6 ayında bu ilin oktyabr ayındakı göstəriciyə nisbətən təxminən 20 min barrel azaltmaq barədə öhdəlik götürüb.
Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, bu ilin noyabr ayı üzrə ölkədə sutkalıq neft hasilatı 801 min barrel olub. Bunun 733 min barrelini xam neft, 68 min barrelini kondensat təşkil edib. Gündəlik 605 min barrel xam neft, 68 min barrel kondensat, 6 min barrel isə neft məhsulları ixrac olunub. Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel, sentyabr ayında 796 min barrel, oktyabr ayında isə 783 min barrel olub.
Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürmüşdü. Cari il dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.