İQTİSADİYYAT
OPEC+ formatında sazişin müddəti ilin sonuna kimi uzadıla bilər
Ər-Riyad, 30 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih neft hasilatının azaldılmasına dair imzalanan OPEC+ formatındakı sazişin müddətinin cari ilin sonunadək artırılmasını mümkün hesab edir.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, mayda Səudiyyə Ərəbistanında, iyunda isə Vyanada görüşlər keçiriləcək və bu görüşlər zamanı bazarın əsas göstəriciləri dəyərləndiriləcək.
“Buna qlobal iqtisadiyyat, bir ölkədən tədarük artımı və başqa ölkələrdən tədarükün kəsilmələri kimi bir sıra amillər təsir edir. Bununla yanaşı, tələbatın da necə qiymətləndirilməsinin əhəmiyyəti var və tələbatla tədarük arasında dəyişən bir amil də var ki, o da ehtiyatlardır”, - deyə nazir qeyd edib.
O, ehtiyatların normal səviyyədən yuxarı, yoxsa aşağı olduğunun dəqiqləşdiriləcəyini və ona görə istehsalın həcminin müəyyənləşdiriləcəyini bildirib. Səudiyyəli nazir, həmçinin hasilat həcminə dair müəyyən razılaşma olacağını da güman etdiyini vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad