İQTİSADİYYAT
OPEC ilə Rusiya neft hasilatının azaldılması sazişinin müddətinin uzadılmasında razılığa gəliblər
Bakı, 24 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə Rusiya kartelə üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair sazişin müddətinin artırılması barədə razılığa gəliblər.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, OPEC və Rusiya neft istehsalının azaldılmasına dair sazişin müddətinin gələn ilin sonunadək uzadılması üçün ilkin razılıq əldə ediblər.
OPEC-ə üzv və Rusiya da daxil olmaqla qeyri-OPEC ölkələrin nümayəndələri gələn həftə Vyanada neft hasilatının azaldılması sazişinin müddətinin uzadılmasını müzakirə edəcəklər.
Qeyd edək ki, Rusiya OPEC-in neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq məqsədilə hasilatın azaldılması təşəbbüsünü dəstəkləyir. Vyana sazişinə əsasən, Rusiya ötən ilin oktyabrda neft hasilatını gündəlik 300 min barrel azaltmağa razılıq verib.
Bu il noyabrın 30-da isə Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası keçiriləcək. Azərbaycanın da dəvət olunduğu iclasda OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklər, eləcə də istehsal kvotanın artırılmasının əsas müzakirə mövzusu olacağı planlaşdırılır.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində isə Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.