REGİONLAR
Oğuzda 17 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır
Oğuz, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin əkininə ciddi hazırlıq işləri görülür. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə indiyədək təsərrüfatlarda 16 min 200 hektar sahədə şum qaldırılıb. Payızlıqların əkini üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 936 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.
Direktor müavini bildirib ki, kampaniyada iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Payızlıqların əkininə oktyabrın birinci ongünlüyündə başlamaq nəzərdə tutulur.
Xatırladaq ki, oğuzlu fermerlər builki mövsümdə 16 min 87 hektar taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 31 sentner məhsul götürülüb.