REGİONLAR
Oğuzda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Oğuz, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb. Fermerlər indiyədək 500 hektar sahəyə buğda, 2 min 750 hektar sahəyə isə arpa səpiblər. Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.
Qurumun rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 13 min 200 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 3 min 165 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Taxıl səpininə 60 ədəd traktor, 20 ədəd taxılsəpən aqreqat və digər texnikalar cəlb olunub. Taxıl istehsalçıları payız səpinini noyabrın sonunadək başa çatdırmağı planlaşdırırlar.
Cari mövsümdə oğuzlu fermerlər 16 min 531 hektar taxıl sahəsindən 49 min 977 ton məhsul əldə ediblər.