REGİONLAR
Oğuzun ucqar kəndində 164 abonentə təbii qaz verilib VİDEO
Oğuz, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 13-də Oğuz rayonunun ucqar yaşayış məntəqələrindən olan, rayon mərkəzindən 40 kilometrə yaxın məsafədə yerləşən Qarabulaq kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 164 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 856 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9 min 861 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, digər rayonlar kimi, Oğuz rayonunun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədi ilə zəruri tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, cari ilin əvvəlindən rayonun 2 kəndinə “mavi yanacaq” verilib. Hazırda daha 4 kəndin qazlaşdırılması istiqamətində iş aparılır. Yaxın vaxtlarda bu kəndlərə də təbii qazın verilməsi təmin olunacaq.
Kənd sakinləri çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.