ELM VƏ TƏHSİL
Olimpiada hazırlıq mərkəzlərinə mediatur təşkil olunub
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, mediaturda 2015-ci ildə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakıdakı fizika, riyaziyyat və informatika təmayüllü liseyi, kimya-biologiya təmayüllü respublika liseyi, eləcə də Sumqayıtdakı təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin yaradıldığı bildirilib. Qeyd olunub ki, mərkəzlərdə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə dərslər keçilir. Aşağı və yuxarı yaş qrupu olmaqla iki fərqli qruplarda aparılan hazırlıq dərsləri əsasən şənbə və bazar günləri və ya həftəiçi dərsdən sonra təşkil edilir.
Aşağı sinif şagirdləri arasında keçirilən məktəblilərarası fənn müsabiqələrinin nəticələrinə əsasən, hər fəndən 20-30 şagird seçilərək aşağı yaş qrupları müəyyən edilir. Paytaxt məktəbliləri öz məktəblərində dərslərinə davam etməklə həftədə bir neçə dəfə həmin mərkəzlərdə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Bölgə məktəblilərinin həftə ərzində olimpiadaya hazırlıq proqramlarında iştirakının təmin edilməsi məqsədilə onlar həmin təhsil müəssisələrində yerləşdirilirlər. Burada şagirdlər dövlət hesabına isti yemək və yataqxana ilə təmin olunurlar.
Şagirdlərin olimpiadaya hazırlıq işlərinin keyfiyyətli və nəticəyönümlü olması üçün Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Mili Elmlər Akademiyasının ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq edilməkdədir.
Olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərin nəzəri biliklərləri ilə yanaşı, praktik bilik və bacarıqları da artırılır. Bu məqsədlə onlar ölkə daxilində və ya xaricdə müvafiq laboratoriyalarda hazırlıq proseslərinə cəlb olunurlar. Hazırda hər fəndən iki fərqli qrup olmaqla 300-dən çox şagird həmin mərkəzlərdə məşğələlərdə iştirak edirlər.