İQTİSADİYYAT
Olimpiya stadionu istiqamətində çəkilən avtomobil yolu gələn ilin aprelinədək hazır olacaq VİDEO
Paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel çəkilən 6 hərəkət zolaqlı avtomobil yolu gələn ilin aprelinədək hazır olacaq. Bu yol Böyükşor gölü sahilində tikilməkdə olan Bakı Olimpiya Stadionunun yerləşdiyi əraziyə nəqliyyat vasitələrinin birbaşa, təhlükəsiz və rahat hərəkətini təmin edəcək.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihədə 2 tunelin və 2 körpünün tikilməsi nəzərdə tutulur. Artıq tikinti işlərin 70 faizi görülüb. İşlər tam başa çatdırıldıqdan sonra nəqliyyat vasitələrinin şəhərin bir neçə istiqamətindən Olimpiya stadionu ərazisinə, eləcə də Hava Limanı və stadion istiqamətindən şəhərin mərkəzinə doğru birbaşa çıxışı mümkün olacaq. Eyni zamanda, stadion ərazisində salınacaq dairəvi avtomobil yolu ilə bağlantılar yaradılacaq.
Yolda yeraltı və yerüstü piyada keçidləri də inşa olunur. Metronun “Koroğlu” stansiyası ərazisindən Olimpiya stadionuna keçidi təmin etmək üçün nəzərdə tutulan körpüdə işlərin 80 faizi yerinə yetirilib, yeraltı keçiddə isə qazma işləri başa çatdırılıb.
Layihələrin 2015-ci ilin aprelinədək yekunlaşdırılması planlaşdırılır.