REGİONLAR
Ölkəmizdə bir yaşınadək uşaqların 50 faizi ana südü ilə qidalanır VİDEO


Quba, 26 may, Elxan Yusifli, AZƏRTAC
Ana südü ilə qidalanan uşaqlar, xüsusilə tənəffüs və həzm sistemi infeksiyalarına yoluxmurlar. Ana südü körpənin immun sistemini gücləndirir və sonrakı dövrlərdə xroniki xəstəliklərdən qorumağa yardım edir. Uzun illər aparılan tədqiqatlar körpə sağlamlığında ana südünün həlledici əhəmiyyətini və alternativsizliyini ortaya qoyub.
AZƏRTAC xəbər verir ki, mayın 26-da Quba Regional Perinatal mərkəzində KİV nümayəndələri üçün həyata keçirilən ana südü ilə qidalanmanın əhəmiyyətinə dair növbəti seminarda bu barədə ətraflı söhbət gedib.
Səhiyyə Nazirliyinin BMT-nin Uşaq Fondu (UNİCEF) ilə əməkdaşlığı çərçivəsində təşkil olunan seminarda KİV nümayəndələri ilə yanaşı şimal bölgəsinin tibb müəssisələrində fəaliyyət göstərən mama-ginekoloqlar da iştirak ediblər.
Tədbirdə Quba Regional Perinatal mərkəzin direktora Şəhla Həsənova, ictimai məsələlər üzrə təlimçi Elçin Sərdarov və başqaları ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, ölkəmizdə ana və uşaq sağlamlığının qorunması məsələləri müvafiq dövlət qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlik bu sahədə həyata keçirdiyi silsilə tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi diqqət yetirir.
Seminar iştirakçılarına məlumat verilib ki, statistikaya görə, 1992-ci ilədək Azərbaycanda bir yaşadək uşaqların cəmi 25 faizi ana südü ilə qidalanırdı. Səhiyyə Nazirliyinin beynəlxalq təşkilatlar və səhiyyə qurumları ilə birgə fəaliyyəti nəticəsində həmin rəqəm indi 50 faizədək yüksəlib. Lakin bu göstəricinin maksimum səviyyəyə çatdırılması körpə sağlamlığı sahəsində çalışanların əsas vəzifələrdən biri olmalı, analarla aparılan iş gücləndirilməlidir.
Çıxış edənlər qeyd ediblər ki, ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr tətbiq olunur ki, bunun sayəsində tibb müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilir, dərman preparatları və tibbi texnika ilə təminat yaxşılaşdırılır. Bölgələrdə fəaliyyət göstərən 6 Regional Perinatal Mərkəzi, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.
Seminarda qadınların hamiləlikdən əvvəl müayinə olunmaması, mütəxəssislərdən məsləhət almaması, daxili somatik xəstəliklərin vaxtında müalicə edilməməsi, hamiləlik dövrü yaşadığı ailədaxili və sosial problemlərin doğuş zamanı fəsadlar törətdiyi barədə də müzakirələr aparılıb. Yeni doğulan körpələrin qayğısına qalmaq üçün analara yaradılan şərait və bu sahədəki dövlət qayğısından da danışılıb.
Ana südü ilə qidalanmanın vacibliyinin mətbuatda peşəkarlıqla işıqlandırılması və əhalini maarifləndirilməsində KİV nümayəndələrinin məlumatlı və hazırlıqlı olması məqsədilə seminarda suallar ətrafında fikir mübadiləsi aparılıb.