İQTİSADİYYAT
Ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir
Bakı, 20 oktyabr, AZƏRTAC
Xəzər dənizinin külək enerjisi potensialından da istifadə yaşıl enerji kursumuzda özünə yer alır. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq çərçivəsində bu potensialın qiymətləndirilməsi və yol xəritəsinin hazırlanması üzrə işlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, ilkin tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt həcmində qiymətləndirilir. Dənizdə mövcud olan bu potensialdan elektrik enerjisinin ixracı, həmçinin yaşıl hidrogen istehsalı ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq perspektivlərdir. Ümumən, enerji keçidi prosesində həlledici alət kimi qəbul edilən hidrogen istehsalı və istifadəsi üzrə BMK ilə yanaşı, Böyük Britaniyanın BP, KBR, eləcə də BƏƏ-nin “Masdar” və Norveçin “Equinor” şirkətləri ilə təcrübə mübadiləsi aparılır. Beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində təhlillər nəticəsində ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir. Bunlar dənizdə külək enerjisi layihəsi çərçivəsində elektroliz qurğularının elektrik enerjisi ilə təchizatını həyata keçirərək “yaşıl” hidrogenin, dənizdə təbii qaz istehsalı ilə əlaqədar karbon tutma texnologiyalarının tətbiqi nəticəsində “mavi” hidrogenin istehsalını əhatə edir.