REGİONLAR
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir
Ucar məktəblilərini cənub bölgəsində maraqlı ekskursiya gözləyir
Ucar, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin şagirdləri üçün keçirilən və artıq ənənəyə çevrililən “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək ucarlı məktəblilərin 40 nəfərlik qrupu martın 15-də Heydər Əliyev Mərkəzinin qarşısından Lənkərana yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir gün əvvəl Ucardakı Heydər Əliyev Mərkəzində tur-aksiya işrirakçıları ilə görüş keçirilib. Əvvəlcə məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Təhsil şöbəsi işçilərinin, ümumtəhsil məktəblərinin direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri görüşdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl vətəndaş kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün ölkəmizdə ardıcıl tədbirlərin görüldüyünü qeyd edib. Vurğulayıb ki, hər il keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da məhz dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.
İcra hakimiyyətinin başçısı tur-aksiyanın əsas məqsədlərindən danışaraq bildirib ki, bu layihə şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, onların Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafını, abadlaşan şəhər və rayonlarımızı əyani görmələrini təmin etməkdir.
Şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Fatimə İsmayılova, 3 saylı tam orta məktəbin XI sinif şagirdi Aydan Məhərrəmli, Qazıqumlaq kənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Yusif Qədirov, rayonun Lək kənd 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Camal Ağayev, valideyn Vüsalə Əliyarova çıxış edərək, “Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkilinə görə minnətdarlıqlarını söyləyiblər.
Sonda musiqi proqramı təqdim olunub.
Martın 15-də səhər tezdən ucarlı məktəblilər Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar.