REGİONLAR
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
Gəncə, 19 noyabr, AZƏRTAC
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyada iştirak edən Quba, Qusar, Şabran, paytaxtın Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonlarından olan məktəblilər Gəncəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev park-kompleksində məktəbliləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndələri və mədəniyyət işçiləri qarşılayıblar.
Qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın mahiyyətindən söz açıb. O, “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında böyüməsinə, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini qeyd edib. Vəfa Abbasova bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası dövlət başçısının gənclərə diqqət və qayğısının nümunəsidir.
Məktəblilərə Gəncənin tarixi və mədəniyyəti barədə məlumat verilib, Gəncənin gəzməli-görməli yerlərinin şəkillərindən ibarət kitabçalar təqdim edilib.
Sonra şagirdlərin Gəncə şəhəri ilə tanışlığı başlayıb.
Qeyd edək ki, məktəblilər noyabrın 21-dək Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olacaqlar.