İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 629 milyon 193 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 27-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 34 milyon 591 min manat, "Zaminbank"ın əmanətçilərinə 51 milyon 034 min manat, "Kredobank"ın əmanətçilərinə 26 milyon 136 min manat və "Dekabank"ın əmanətçilərinə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 114 milyon 648 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 140 min manatı "Atrabank"ın, 1 milyon 880 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min manat, "Gəncəbank"ın əmanətçilərinə 969 min manat, "Texnikabank"ın əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 353 milyon 545 min manatdan artıq kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 629 milyon 193 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.