ELM VƏ TƏHSİL
Onlar UNEC-i seçir
Bakı, 21 iyun, AZƏRTAC
“UNEC-də bir gün” layihəsi davam edir. Bu dəfə layihə iştirakçıları Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında topladıqları bala uyğun ixtisaslarla maraqlanır, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrə təqdim etdiyi proqramlarla tanış olurlar. Layihədə Azərbaycanın bütün regionlarından məktəblilər iştirak edirlər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Texniki Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Banuçiçək Qurbanova 695 balla UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) maliyyə ixtisası üzrə təhsil almaq istəyir. Təhsil aldığı məktəbin məzunları arasında UNEC tələbələri olduğunu vurğulayan B.Qurbanova onların uğurlarını yaxından izlədiyini bildirib.
Zaqatala şəhər 3 nömrəli məktəbin XI sinif şagirdi Fərid Qurbanov 677 balla UNEC-də maliyyə ixtisası üzrə ingilis dilində təhsil almaq arzusundadır. F.Qurbanov İSE-də tətbiq edilən yenilikləri yaxından izlədiyini bildirərək, UNEC-in ikili diplom proqramlarında iştirakda maraqlı olduğunu qeyd edib.
Gədəbəy rayonundakı Söhrab Pirverdiyev adına Çalburun kənd tam orta məktəbin XI sinif şagirdi Fərid Nəsibov 664 balla UNEC-i seçib. İSE-də maliyyə ixtisası üzrə təhsil almaq istəyən F.Nəsibov topladığı balla arzusunu reallaşdıra bilsə də, hədəfi 700 bal toplamaqdır. Buna görə də DİM-in keçirəcəyi ikinci imtahanlarda da iştirak edəcək.
Bakıdakı 276 nömrəli tam orta məktəbin XI sinif şagirdi Kamran Hüseynov da ikinci imtahanlarda iştirak edəcək. 676 balla İSE-də maliyyə ixtisası üzrə təhsil almaq istəyən Kamran daha yüksək nəticə toplayaraq, Prezident təqaüdü uğrunda rəqabətə qoşulmaq istəyir.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyən abituriyentlər 497 38 63 nömrəsi ilə əlaqə saxlaya və yaxud rəsmi “Facebook” səhifəsinin mesaj bölümünə yaza bilərlər.