ELM VƏ TƏHSİL
Onlayn elmi konfrans: Məhəmməd Hadinin sənət idealları və müasir dövr
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Məhəmməd Hadinin sənət idealları və müasir dövr” mövzusunda onlayn elmi konfrans keçirilib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransı giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli konfransın Prezidentin Sərəncamına əsasən, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Məhəmməd Hadini Azərbaycan romantizminin əsas simalarından biri adlandıraraq onun “Əlvahi intibah” poemasının ədəbiyyatımızda xüsusi mövqeyindən bəhs edib. Akademik məlumat verib ki, şairin irsini ilk dəfə Əziz Mirəhmədov araşdıraraq 1978-ci ildə çap etdirib: “O, şairin əsərlərinin iki cildliyini hazırlasa da, həmin vaxt yalnız birinci cild işıq üzü görüb. Hazırda Ədəbiyyat İnstitutunun Yeni dövr ədəbiyyatı şöbəsində kitabın hər iki cildi çapa hazırlanıb və akademiyanın “Elm” nəşriyyatının planına salınıb”.
İnstitutun Yeni dövr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli “Məhəmməd Hadi: şair, tərcüməçi, publisist” mövzusunda məruzə edib. O məruzəsində şairin 246 orijinal şerinin, 4 poemasının və 27 poetik tərcüməsinin məlum olduğunu vurğulayıb. Məhəmməd Hadinin indiyə qədər digər kitablarında çap olunmayan 64 şerinin, 4 poetik tərcüməsinin, 125 məqaləsinin, 3 məktubunun, 4 mənsur şerinin ilk dəfə olaraq iki cildlikdə yer alacağını bildirib.
Onlayn konfransda “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, filologiya elmləri doktorları Abid Tahirli, Elnarə Akimova, Əlizadə Əsgərli, Lütviyyə Əsgərzadə, dosentlər Mehdi Gəncəli, Namiq Abbasov, filologiya üzrə fəlsəfə doktorları Səadət Vahabova, Təranə Abdullayeva məruzələrində şairin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat veriblər.