CƏMİYYƏT
Ortoped və travmatoloqlar mürəkkəb sınıqların müasir müalicə metodlarını müzakirə ediblər
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ortoped və travmatoloqların xəstəxanalararası növbəti toplantısı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd problemli və mürəkkəb xəstəliklərin müalicəsində həkimlərin bir araya gəlməsi, müalicə zamanı ortaq qərarlar qəbul etmək və bu sahədə çalışan mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaqdır.
Toplantıda Tədris Cərrahiyyə Klinikasının ortopedik və travmatologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Cəfər Nəsirli “Sirkə kasasının mürəkkəb sınıqlarının müasir müalicəsi” mövzusunda çıxış edərək dünyada ortopediya və travmatologiya sahəsində aparılan ən yeni metodlardan və müasir elmi-tədqiqat işlərindən bəhs edib. O, özünün praktikasında qazandığı iş təcrübəsindən ayrı-ayrı nümunələri slayd vasitəsilə toplantı iştirakçılarına çatdırıb və əldə olunan müsbət yenilikləri həmkarları ilə bölüşüb.
Diskussiya formasında keçən toplantıda çoxlu suallara cavablar verilib.