CƏMİYYƏT
Ötən dövrdə 260-a yaxın məhkum vaxtından əvvəl azadlığa buraxılıb VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Ədliyyə orqanlarında və məhkəmələrdə də pandemiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Bununla əlaqədar Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən əmr imzalanıb, bütün qurumlarda, o cümlədən penitensiar müəssisələrdə zəruri dezinfeksiya, profilaktik və digər qabaqlayıcı tədbirlər görülüb.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 30-da “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
A.Sabitova bildirib ki, penitensiar müəssisələrin gücləndirilmiş iş rejiminə keçməsi, məhkumlarla görüşlərin, sovqatların qəbul edilməsinin müvəqqəti dayandırılması, nazirliyin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin tərkib hissəsi olduğu monitorinq qrupunun yaradılaraq bu sahədə vəziyyətə, o cümlədən məhkumların saxlanma şəraitinə, tibbi dərman və ərzaq təminatına gündəlik nəzarətin həyata keçirilməsi, həbs olunmuş şəxslərin həyat və sağlamlıqlarının qorunmasına, bunla da infeksiyanın müəssisələrdə yayılmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda, virusa yoluxması riskli olan yaşı 65-dən yuxarı məhkumlara daha həssas, humanist münasibət bəslənilərək 176 nəfər dövlətimizin başçısı tərəfindən əfv olunub və Prezidentin Sərəncamı təxirəsalınmadan mütəşəkkil qaydada icra edilib. Həmçinin humanizm siyasətinin təzahürü olaraq məhkumların vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi davamlı xarakter alıb və ötən dövrdə 260-a yaxın məhkum vaxtından əvvəl azadlığa buraxılıb.