CƏMİYYƏT
Ötən gün qeydə alınmış 135 cinayət faktından 36-nın üstü “isti izlər”lə açılıb
Bakı, 12 iyun, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 135 cinayət faktından 36-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.