CƏMİYYƏT
Ötən il 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib
Bakı, 5 fevral, AZƏRTAC
Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsini artırmaq, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının almaq və bütövlükdə ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib. Bununla yanaşı, 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib. Həmçinin 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.
Ötən il, ümumilikdə, meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib. Bunların 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.