İQTİSADİYYAT
Ötən il Dövlət Neft Fondunun büdcəsində 6,2 milyard manat profisit yaranıb
Bakı, 28 fevral, AZƏRTAC
Keçən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsində 6,2 milyard manat profisit yaranıb.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.
“Ötən il ən mühüm məsələ ilin profisitlə başa çatdırılması olub. Belə ki, Neft Fondunun 2018-ci il büdcəsində gəlirlər 15,3 milyard manat, xərclər 11,5 milyard manat, profisitin 3,8 milyard manat nəzərdə tutulmasına baxmayaraq, xam neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulan 55 ABŞ dolları ilə müqayisədə daha yüksək olması nəticəsində ARDNF-in büdcəsində 6,2 milyard manat profisit yaranıb. Beləliklə, 2018-ci ilin əvvəlinə 35,8 milyard dollar səviyyəsində olan Dövlət Neft Fondunun aktivlərinin həcmi ilin sonuna təqribən 7,6 faiz artaraq 38,5 milyard dollara çatıb”, - deyə Ş.Mövsümov qeyd edib.
İcraçı direktorun sözlərinə görə, ARDNF-in maliyyələşdirdiyi bir sıra layihələrin, o cümlədən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin icrası artıq başa çatmaq üzrədir. Belə ki, 2021-ci ildə xaricdə təhsil proqramı çərçivəsində təhsil alan son tələbənin məzun olması nəzərdə tutulur. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlər isə tamamlanıb, 2019-cu ildə bu layihə çərçivəsində son obyekt olaraq Şabran rayonu ərazisində yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektinin tikintisinin başa çatdırılması nəzərdə tutulur: “Məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə gəldikdə, cari ildə Neft Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsi davam etdiriləcək ki, bu məqsədlə ARDNF-in 2019-cu il büdcəsində 200 milyon manat vəsait ayrılıb”.