REGİONLAR
Ötən il Qax Aqroparkının ərazisində 50,5 hektarda ekobağ salınıb
Qax, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ekoturizmin inkişaf etdirilməsi məqsədilə ötən il “Ulu Aqro” MMC-nin Qax Aqroparkının ərazisində 50,5 hektar ərazidə müxtəlif növ meyvə tingləri əkilməklə ekobağ salınıb. Suvarmanın yüksək səviyyədə təşkili məqsədilə bağın ərazisində damcılı suvarma sistemi quraşdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Ulu Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov məlumat verib.
Direktorun bildirdiyinə görə, ötən mövsüm aqroparkda 1070 hektar buğda sahəsindən 5104 ton, 90 hektar arpa sahəsindən isə 417,6 ton olmaqla, ümumilikdə, 5521,6 ton məhsul tədarük olunub. Buğda sahələrində orta məhsuldarlıq 47,7 sentner, arpanın məhsuldarlığı isə 46,4 sentner təşkil edib. Ümumiyyətlə, payızlıq dən bitkilərinin məhsuldarlığı rayon üzrə orta göstəricidən 18 sentnerədək yüksək olub.
Ötən mövsüm müəssisənin suvarılan torpaqlarında 180 hektar qarğıdalı sahəsindən 2538 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 141 sentner təşkil edib. Bundan əlavə, təkrar qarğıdalı əkilmiş 90 hektar sahədən 912 ton məhsul götürülüb.
M.Məhərrəmovun sözlərinə görə, ötən ilin payızında aqroparkın ərazisində 2021-ci ilin məhsulu üçün 1049 hektar sahədə buğda, 100 hektarda isə arpa əkini aparılıb. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.