CƏMİYYƏT
Öz səsini bəyənməmək özünəinam hissinin olmamasının nəticəsidir
Bakı, 26 fevral, AZƏRTAC
Təbiətdə müxtəlif səslər var. Onların arasında bizə xoş gələni də, xoş gəlməyəni də var. Eşitdiyimiz və ətrafımızda olan səslərdən eləsi var ki, insanda sakitlik yaradır və əhval-ruhiyyəni yüksəldir. Lakin bəzən bunun əksinə də olur.
Səs özünü ətrafa təqdim etmək, fikri ifadə etmək üçün əhəmiyyətli vasitədir. Səs insan orqanizminin bütün orqanlarına və sistemlərinə təsir göstərərək müxtəlif fizioloji dəyişikliklər yaradır: eşitməni dəyişir, qan təzyiqini yüksəldir, diqqət və yaddaşı zəiflədir. Bəzi səslər əsəb sisteminə mənfi təsir göstərir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Elə insanlar var ki, onlarda sinir oyanıqlığı bu və ya digər səbəbdən çox yüksək səviyyəyə çatmış olur. Adi insanlar üçün normal sayıla biləcək səs onlara çox mənfi təsir göstərir. Buna nevroz, stres və depressiya kimi psixoloji narahatlıq yaşayanları misal göstərmək olar”.
Öz səsindən xoşu gəlməyən, əksinə onu eşitməkdən qıcıqlanan və gərgin olanlar da az deyil. Psixoloq bunu özünəinam hissinin az olması ilə əlaqələndirərək deyib: “Öz səsini bəyənməyənlər əsasən özləri haqqında mənfi fikrə malik olurlar. Belə olanda fərdin özü ilə əlaqədar müalicə forması seçilir. Bu zaman müalicənin önündə ilk növbədə özünəinamın yüksəldilməsi dayanmalıdır”.
Mütəxəssislər səslərin insana mənfi təsir etdiyi halda həyat tərzini dəyişməyi və həkimə müraciət etməyi məsləhət görürlər. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda qulaq-burun-boğaz xəstəlikləri kafedrasının dosenti, həkim-otolorinqoloq Ramil Həşimlinin dediyinə görə, “Səsin daim gur, şux və cavan olması üçün xüsusi məşqlərdən istifadə etmək olar, müəyyən yaşdan sonra hətta əməliyyat da etdirmək mümkündür. Səs terapiyası səsi normal vəziyyətə gətirmək üçün xüsusi səs və tənəffüs hərəkətləridir. Gün ərzində üç-dörd dəfə maksimum 2-3 dəqiqə davam edən xüsusi məşqlər vasitəsilə səsi normal halda saxlamaq olar. Səsin tonunu aşağı düşəndə səs estetikası icra edilməlidir. Xüsusi maddələrin səs büküşləri və səs əzələsinə xüsusi dolğu maddələri vurulması vasitəsilə onun gurluğunu təmin etmək olar.
Onun dediyinə görə, hər kəs səsini həm qalınlaşdırmaq, həm də incəldə bilər: “Səsin tonunu dəyişmək mümkündür. İlk növbədə bunu səs məşqləri vasitəsilə etməyə çalışırıq, yəni səs əzələlərini elə işlətməliyik ki, səsin tonu qalxsın və ya incəlsin. Bunun üçün yerinə yetirilən əməliyyatlar var”.
Həkim-otolorinqoloq onu da qeyd edib ki, səsi qorumaq üçün mütləq səs gigiyenasına əməl olunmalıdır: “Çoxlu su qəbul edilməsi səs büküşlərində selikli qişanın nəmliyini və yumşaqlığımı təmin edir. Çox acı və istiotlu qidalardan uzaq olmaq lazımdır, sitrus meyvələrindən çox istifadə edilməməlidir”.
Mütəxəssislər bildirilər ki, boğaz ağrısı zamanı həkimin göstərişi olmadan apteklərdən alınan bəzi dərmanlar, xüsusilə sorma tiplı preparatlar səs tellərinə birbaşa təsir edir.