DÜNYA
Özbəkistan Prezidenti Fransaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Daşkənd, 9 oktyabr, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fransada rəsmi səfərdədir.
AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısının UNESCO-nun baş direktoru Odri Azule ilə görüşündə əlaqələrin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Odri Azule Özbəkistan Prezidentinin təşəbbüsü, UNESCO-nun himayəsi altında dünya mədəniyyəti, tolerantlıq və ekstremizmlə mübarizə üzrə Səmərqənddə Mirzə Uluqbəy adına Beynəlxalq İnstitutun, Səmərqənd Beynəlxalq Turizm Universitetində UNESCO kafedrasının açılması təşəbbüsünü bəyəndiyini bildirib.
Tərəflər Özbəkistanda Mərkəzi Asiya gənc alimlərinin regional forumunun, 2019-cu ildə Daşkənddə “İnformasiya texnologiyaları mədəni irsin qorunması xidmətində” mövzusunda Mərkəzi Asiya Forumunun keçirilməsi ilə bağlı razılığa gəliblər. Özbəkistanın memarlıq irsinin qorunması sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq da əldə edilib.
Görüşün sonunda Şavkat Mirziyoyev və Odri Azule arasında qarşılıqlı fəaliyyətin inkişafı ilə bağlı 2021-ci ilə qədər əməkdaşlıq Proqramı imzalanıb.
Prezident Şavkat Mirziyoyevin Fransa Senatının sədri Jerar Larşe ilə görüşündə parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri diqqət mərkəzində olub. Bunun üçün müxtəlif tədbirlərin keçirilməsi, mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkili, hüquqi bazanın təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
Senatın sədri Özbəkistan iqtisadiyyatının modernləşdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və güclü vətəndaş cəmiyyətinin qurulması istiqamətində aparılan irimiqyaslı islahatlara yüksək qiymət verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd