İQTİSADİYYAT
Özbəkistan neft-qaz sektoruna 30,4 milyard dollar investisiya yatıracaq
Bakı, 18 may, Nihad Budaqov, AZƏRTAC
Özbəkistan 2021-ci ilə qədər ölkənin neft-qaz sektoruna 30,4 milyard dollar investisiya yatıracaq.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə “Özbəkneftqaz”ın sədri Alişer Sultanov deyib. O bildirib ki, neft-qaz sektoruna yatırılacaq investisiyalar sayəsində neft-qaz məhsullarının istehsal həcmi, habelə neft-kimya məhsullarının növləri də artacaq. 2021-ci ilə qədər ölkədəki neft-qaz sektorunda həyata keçiriləcək 78 layihəyə 30,4 milyard dollarlıq sərmayə qoyulması planlaşdırılır. Neft-qaz sektorunda həyata keçiriləcək layihələrlə 2017-2021-ci illərdə ölkədə qaz istehsalındakı ümumi artımın 53,5 milyard kubmetrə, neft istehsalındakı artımın isə 1,9 milyon tona çatması nəzərdə tutulur.
Qaz istehsalında dünyada ilk onluqda yer alan Özbəkistan illik orta hesabla 60 milyard kubmetr qaz istehsal edir. Son məlumatlara görə, Özbəkistanda olan təbii qaz ehtiyatları 1,1 trilyon kubmetr, neft ehtiyatları isə 100 milyon tondur.