DÜNYA
Özbəkistanda Baş Nazir vəzifəsinə namizədi seçkilərdə ən çox deputat yeri qazanmış siyasi partiyalar irəli sürəcək
Daşkənd, 13 dekabr, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Nazirlər Kabineti haqqında yeni redaksiyada imzaladığı qanuna əsasən Baş Nazir postuna namizəd Ali Məclisin seçkilərdə ən çox deputat yeri qazanmış siyasi partiyaları tərəfindən irəli sürüləcək. Namizədin adı Prezidentə təqdim olunduqdan sonra dövlət başçısı 10 gün ərzində baxılması və təsdiq edilməsi üçün sənədi Ali Məclisə göndərəcək. Baş Nazir vəzifəsinə namizəd göstərilən şəxs yaxın və uzaq perspektiv üçün Nazirlər Kabinetinin fəaliyyət proqramını açıqlayacaq.
Yeni sənədə görə Ali Məclis və Senat üzvlərinin yarıdan çoxunun səsini alan namizəd Baş Nazir postuna təsdiq edilir. Baş Nazirlə Ali Məclis arasında fikir ayrılığı yaşandıqda Ali Məclis Baş Nazirə etimadsızlıq votumu irəli sürür. Bu, Ali Məclis və Senatın birgə iclasında müzakirə olunur. Hər iki palatanın üçdəbiri bu votumun lehinə səs versə o, qəbul edilmiş sayılır. Prezident Baş Nazirin vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul edir. Bundan sonra isə Baş Nazir və Nazirlər Kabineti tam tərkibdə istefa verir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd