MƏDƏNİYYƏT


Özbəkistanın informasiya portalları 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı məqalələr yayıb

Daşkənd, 19 sentyabr, АZƏRTAC

Özbəkistanın nargiz.uz və tnews.uz informasiya portalları 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı rus dilində xəbərlər yayımlayıb.

AZƏRTAC xəbər verir ki, nargiz.uz portalında yerləşdirilən “Üzeyir Hacıbəyli-Azərbaycan milli musiqi sənətinin banisi” sərlövhəli məqalədə dahi bəstəkarın həyatı və yaradıcılığı haqqında məlumat verilir, Üzeyir Hacıbəyli dirijor, musiqişünas, publisist, dramaturq, müəllim, ictimai xadim kimi təhlil edilir.

Yazıda vurğulanır ki, Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifi də məhz Üzeyir Hacıbəylidir.

Məqalədə böyük bəstəkarın digər operaları - “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” haqqında da məlumat verilir, bu operaların muğam üstündə yazıldığı diqqətə çatdırılır.

Bildirilir ki, bəstəkarın əsərlərinin kulminasiya nöqtəsi “Koroğlu” operasıdır. Bu operaya görə böyük bəstəkar Stalin mükafatına layiq görülüb, əsər həm keçmiş SSRİ-də, həm də Qərb ölkələrində məşhur olub.

tnews.uz portalı isə öz səhifəsində “Bu gün Azərbaycan Milli Musiqisi günüdür” sərlövhəli məqalə yerləşdirib.

Xəbərdə deyilir ki, 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günüdür. Ona görə də bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.

Bildirilir ki, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında 112 il əvvəl yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də Bakıdakı Tağıyev teatrında tamaşaya qoyulub. Tamaşanın dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissorları Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski olub. İlk tamaşada Leyli rolunda Əbdürrəhim Fərəcov oynayıb.

Xəbərlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yayımlanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.