REGİONLAR


Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvan, 16 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” sosial qayğıya ehtiyacı olan ailələrin, həmçinin əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən aprel ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 28 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 2 nəfərə inkubator aparatı, 1 nəfərə 10 yeşik arı ailəsi, 4 nəfərə isə mini yerşumlayan aqreqatlar verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfərini şəhid ailəsi, 5 nəfərini isə gənclər təşkil edib. Eyni zamanda, təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər ötən ay həvəsləndirmə tədbirlərinə cəlb olunub.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Babək Rayon Məşğulluq Mərkəzinin direktoru Heydər Quliyev ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.

Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.