CƏMİYYƏT
Özünüməşğulluq proqramının daha bir qrup iştirakçısına istehsal-xidmət sahəsi üzrə aktivlər verilib
Bakı, 28 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Abşeron rayonu, Bakının 4 rayonu və Sumqayıt şəhərində təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş şəxslərdən bir qrupu mebel hazırlanması və quraşdırılması üçün taxta kəsimi avadanlıqları ilə təmin edilib. Onlar verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisələrini qurublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il artıq 9 min 513 nəfər işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb edilib. Onlardan müvafiq təlim kursunu başa vuran 7 min 655 nəfərdən artıq 5 min 765-i mal və materiallarla təmin edilib.
Bu ilin axırınadək özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatdırılması nəzərdə tutulub.