PENSİYAÇILAR İLK DƏFƏ OLARAQ PLASTİK KARTLARDAN İSTİFADƏ EDƏCƏKLƏR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Beynəlxalq Bankının Binəqədi rayon filialında bir qrup pensiyaçıya plastik kartlar paylanmışdır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev mərasimdə çıxış edərək, Azərbaycanın sosial həyatındakı bu yeniliyin dünya standartlarına uyğun olduğunu bildirdilər. Bakı və Sumqayıtda yüz minlərlə pensiyaçının olduğunu bildirən Səlim Müslümov plastik kartların öz sahiblərinə vaxtında çatdırılması məqsədi ilə fondda xüsusi komissiyanın yaradıldığını dedi.
Cahangir Hacıyev kartlardan respublikanın istənilən bölgəsində istifadənin mümkün olacağını vurğuladı, bu məqsədlə Beynəlxalq Bank tərəfindən 250 bankomatın alındığını, onlardan artıq 136-nın ölkənin müxtəlif rayonlarında yerləşdirildiyini bildirdi. O, kartlardan respublikadan kənarda da istifadə olunacağını qeyd etdi.
Kartların istifadə müddətinin üç il olduğunu deyən Beynəlxalq Bankın rəhbəri, onların yeniləri ilə əvəz edilməsini dövlət tərəfindən pulsuz həyata keçiriləcəyini, sahibləri tərəfindən itirildikdə isə yenisinin yalnız bir dəfə veriləcəyini bildirdi.
Aprelin 1-dən etibarən Bakı və Sumqayıtda pensiyaçıların plastik kart vasitəsilə öz pensiyalarını ala biləcəkləri də diqqətə çatdırıldı.
Xəbərin mətnində orfoqrafik səhv var