ELM VƏ TƏHSİL
Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbala həsr edilmiş seminar keçirilib
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbala həsr edilmiş seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Asiya xalqları ədəbiyyatının dünya bədii düşüncəsində yüksək yer tutduğunu deyib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva M.İqbalın “Cavidnamə” əsərinin ideya xüsusiyyətləri haqqında seminar iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, Pakistanın görkəmli şair və filosofu, İslam alimi M.İqbalın yaradıcılığı bir sıra mühüm cəhətləri ilə səciyyəvi olub. Şərq və Qərb mədəniyyətini dərindən bilən M.İqbalın dünyagörüşündə İslam dini, eşq fəlsəfəsi, kamil insan konsepsiyası, həyatın dərki vəhdətdə ifadə edilib. M.İqbal XX əsrdə müsəlmanların mənəvi inkişafı, Şərq və Qərb arasındakı münasibətlərin sülh və tolerant dəyərlər əsasında qurulmasının tərəfdarı kimi çıxış edib.
M.İqbalın eşq fəlsəfəsini, Şərqin inkişafını, müsəlman dünyasının tərəqqisini, İslam dininin ucalığını göstərən əsərləri arasında “Cavidnamə” xüsusi yer tutur. Filosof şairin 1929-1932-ci illər arasında oğlu Cavidə müraciətlə yazdığı “Cavidnamə” mənzuməsi XIII-XIV əsrlərdə yaşamış məşhur italyan şairi Aligyeri Dantenin “İlahi komediya” əsərinə nəzirədir.
Əsərdə peyğəmbərin meracı məsələsinin önəmli yer tutması, böyük türk şairi Mövlana Cəlaləddin Ruminin əsas qəhrəman kimi seçilməsi, Şərq və Qərb dünyasının məşhur simalarının ruhları ilə söhbətlərin verilməsi böyük məna kəsb edir. Bu, M.İqbalın zəngin dünyagörüşünü, multikultural düşüncəsini, sevgi, barış və sülh arzularını ifadə edir.