REGİONLAR
Pakistanlı alimlər Aqrar Universitetdə professor-müəllim və tələbə heyəti ilə görüşüblər
Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Pakistanın Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun alimləri, doktor Xalid Mahmud və Sayyad Halder Azərbaycan Dövlət Aqrar Universitetində olub, təhsil müəssisəsinin Aqronomluq fakültəsində professor-müəllim, tələbə heyəti ilə görüşüblər.
Universitetin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qonaqlar Pakistanda pambıq istehsalının inkişaf tarixi və məhsuldarlığın artmasına səbəb olan texnologiyalar, nüvə enerjisinin (radiasiyanın) kənd təsərrüfatında tətbiqi nəticəsində tarla bitkilərinin yeni sortlarının alınması ilə bağlı təcrübələri haqqında məlumat veriblər.
Kənd Təsərrüfatı Nazirliyinin dəvəti əsasında keçirilən görüşdə əməkdaşlıq əlaqələri müzakirə edilib, pambıqçılıqda məhsuldarlığın artırılmasına təsir edən problemlər araşdırılıb. Bununla yanaşı, birgə tədqiqat işlərinin aparılması istiqamətində də fikirlər bildirilib və bu tədqiqatların yüksək səmərə verəcəyi vurğulanıb.