DÜNYA
Pandemiyanın ölkə iqtisadiyyatına təsirini azaltmaq məqsədilə Türkiyədə edilən yardımların məbləği 661 milyarda çatıb
İstanbul, 4 iyun, AZƏRTAC
Pandemiyanın ölkə iqtisadiyyatına təsirini azaltmaq məqsədilə Türkiyədə edilən yardımların məbləği 661 milyard türk lirəsinə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Zonquldak vilayətində bir maska fabrikinin açılış mərasimində bildirib.
Qeyd olunub ki, sənaye qeydiyyat sisteminin göstəricilərinə görə, pandemiyanın əvvəlində ölkədə 14 maska istehsalçısı olduğu halda, bu gün bu rəqəm 424-ə yüksəlib. Bu artımın nəticəsi olaraq qardaş ölkədə tibbi və cərrahi maska ixracatı 100 dəfə artıb. Bu artım 2019-cu ildə təxminən iki milyon dollardan 2020-ci ildə 212.5 milyon dollara yüksəlib.
Bu müddət ərzində Türkiyə G20 ölkələri arasında ən yüksək sənaye istehsalına sahib dövlətlər arasında öz yerini alıb.
Pandemiya dövründə çətin vəziyyətlə üzləşən sənət aləminə də dəstək göstərildiyini deyən Prezident Ərdoğan 31 min incəsənət xadiminə təxminən 250 milyon türk lirəsi məbləğində maddi yardım ediləcəyini bildirib. Bundan əlavə ölkənin teatr sektoruna da 25 milyon lirə məbləğində dəstək göstəriləcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul