CƏMİYYƏT
Parlamentlər ictimai, siyasi və iqtisadi proseslərdə mühüm rol oynayır
Tbilisi, 11 fevral, AZƏRTAC
Dünyada baş verən ictimai, siyasi və iqtisadi proseslərdə, demokratiyanın inkişafında parlamentlərin rolu böyükdür. Qanunvericilik orqanları təhlükəsiz sektorunda da fəal rol oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Təhlükəsizlik sektorunda parlamentlərin rolu” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda səslənib.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze konfransda çıxış edərək ölkəsinin Cənubi Qafqaz regionundakı yeri və rolu, region dövlətləri ilə əməkdaşlığı barədə məlumat verib. Bildirib ki, Gürcüstan terror və separatizmdən əziyyət çəkir. Təhlükəsizliyin təmin olunması üçün Gürcüstan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Gürcüstan parlamenti də bu işə töhfə verməyə hazırdır.
Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzell bildirib ki, terror və separatçı çağırışlar təhlükəsizlik üçün ciddi təhdiddir və qəti tədbirlər görməyi tələb edir. Bu prosesdə parlamentlər mühüm rol oynaya bilər.
Digər çıxış edənlər dünyada və Cənubi Qafqazda cərəyan edən hadisələrdən, mövcud münaqişələrdən, hər bir ölkədə və bölgədə gedən proseslərə parlamentlərin təsirindən danışıblar.
Qeyd olunub ki, bəzi sahələrə, eləcə də təhlükəsizlik problemlərinə parlament nəzarətinin gücləndirilməsi müsbət nəticə verə bilər.
Konfrans işini panel iclaslarla davam etdirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi