CƏMİYYƏT
Paytaxt küçələrində daha bir gücləndirilmiş dezinfeksiya işləri aparılır VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında Xüsusi Qərargahın müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin 5 şəhər və bir rayonunda iki gün ərzində sərt karantin rejimi tədbiq olunduğu və paytaxt sakinlərinin bu günlər ərzində evlərində olacaqları nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən iyunun 7-də səhər saatlarından etibarən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və 2 min əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilir. Əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılır.
Avropanın heç bir ölkəsində Bakı şəhərində aparılan bu genişmiqyaslı dezinfeksiya tədbirləri səviyyəsində işlər görülməyib. Böyük maliyyə vəsaiti tələb edən tibbi-profilaktiki işlər ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olub.
Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinlərinə bir gün əvvəl KİV-lər vasitəsilə xəbərdarlıq edilib.
Paytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həm də 20 xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərində fəal iştirak edir.
Bununla yanaşı, mənzil-kommunal təsərrüfatı departamentinin əməkdaşları təsdiq edilmiş qrafikə uyğun olaraq departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirir.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada aparılacaq.