ELM VƏ TƏHSİL
Paytaxt məktəbliləri arasında keçirilən şeir müsabiqənin II mərhələsi yekunlaşıb
Bakı, 5 mart, AZƏRTAC
Paytaxt məktəbliləri arasında keçirilən “Azərbaycan dili-milli varlığımızdır” şeir müsabiqəsinin II mərhələsi başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin paytaxt üzrə rayon mərhələsində 300-ə yaxın VI-XI sinif şagirdi iştirak edib. Onlardan 36-sı müsabiqənin üçüncü - şəhər mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb.
BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin III mərhələsi martın 11-dən 30-dək reallaşdırılacaq.
Müsabiqə Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.