İQTİSADİYYAT
Paytaxtda 94 kilometr avtomobil yolları təmir olunmuş və altı yeraltı piyada keçidi istismara verilmişdir
Bakı, 27 yanvar (AZƏRTAC). Ötən ildə Bakı şəhərində 94 kilometr avtomobil yolları, prospekt və küçə təmir olunmuş, altı yeraltı piyada keçidi istismara verilmişdir.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən Neftçilər prospektinin və Sabunçu körpüsündən Zabrat dairəsinədək yolun yenidən qurulması işləri başa çatdırılmışdır.
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq, Heydər Əliyev Hava Limanı - Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt magistralına çıxışı təmin edən avtomobil yolunun yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu dörd yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilmişdir.
Bundan başqa, Heydər Əliyev, Babək və Qara Qarayev prospektlərində, Sərdar Səfərov küçəsində, “Şəfa” stadionunun qarşısında yeraltı və yerüstü piyada keçidləri tikilmişdir.