İQTİSADİYYAT


Paytaxtda dam örtüklərinin təmiri aparılır

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 milyon manat vəsait ayrılıb.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ilk növbədə, dam örtüyü təmir ediləcək 380 binanın siyahısı, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podratçılar müəyyənləşdirilib.

Prezidentin Sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə başlanılıb. Binaların köhnə dam örtükləri sökülüb, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir.

Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmazlıqların dərhal aradan qaldırılmasını təmin edir.

Sərəncamın icrası ilə bağlı paytaxtın Nizami və Suraxanı rayonlarında da dam örtüklərinin təmiri ilə bağlı işlərə başlanılıb və işlər böyük sürətlə həyata keçirilir. Dam örtüklərində aparılan təmir işlərinin yekunu binanın sakinlərinin də daxil edildiyi Komissiya tərəfindən qəbul edilir. Podratçılara bildirilib ki, işin nəticəsi qaneedici və keyfiyyətli olmasa həmin dam örtüyü onlar tərəfindən yenidən təmir ediləcək.

380 binanın dam örtüyü ilə bağlı işlər tam başa çatana kimi icra strukturları tərəfindən nəzarət aparılacaq, başa çatmış hər bir dam örtüyü müvafiq komissiya tərəfindən qəbul ediləcək, podratçıya ödənişlər iş qəbul edildikdən sonra həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.