CƏMİYYƏT


Paytaxtda küçələr növbəti dəfə dezinfeksiya edilir VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı görülən işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində avqustun 15-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə artıq 10-cu dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbələrində və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır. Dezinfeksiya zamanı istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən KİV-lər vasitəsilə məlumatlandırılıblar.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə dezinfeksiya işlərində yaxından iştirak edir.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, oradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.

Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, eləcə də yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.

Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımi işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.