İQTİSADİYYAT
Paytaxtda nəqliyyat sıxlığının ən çox müşahidə edildiyi yollar məlum olmuşdur
Bakı, 6 mart (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətinin fevral ayı üzrə göstəricilərini açıqlamışdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, statistik göstəricilər əsasında fevral ayı üçün nəqliyyat sıxlığının ən çox müşahidə edildiyi yollar müəyyən olunmuşdur. Belə ki, Heydər Əliyev prospektinin əsas yolun şərq istiqamətində 1 milyon 160 min 469, qərb istiqamətində isə 1 milyon 108 min 541, kənar yolunun şərq istiqamətində 920 min 486, qərb istiqamətində 1 milyon 199 min 730 nəqliyyat vasitəsi qeydə alınmışdır. Azadlıq prospektinin cənub istiqamətində 1 milyon 147 min 453, Bakı-Sumqayıt şosesinin cənub istiqamətində isə 1 milyon 679 min 830 nəqliyyat vasitəsi qeydə alınmışdır.
Bundan başqa, A.Bakıxanov küçəsinin şərq istiqamətindən 1 milyon 321 min 657, qərb istiqamətindən 1 milyon 167 min 459, Babək prospektinin şərq istiqamətindən 1 milyon 52 min 114, qərb istiqamətindən 1 milyon 324 min 521, Nobel prospektinin şərq istiqamətindən 995 min 992, qərb istiqamətindən isə 1 milyon 73 min 890 nəqliyyat vasitəsi keçmişdir.
Digər küçə və prospektlərdəki statistik göstəricilərini Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin - www.niim.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.