CƏMİYYƏT
Paytaxtda qapalı məkanlarda və ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində əldə edilən uğurların qorunub saxlanılması üçün paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Suraxanı, Nizami, Nəsimi, Binəqədi, Yasamal, Nərimanov və Xətai rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən qoruyucu tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polis əməkdaşları həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunur.
Vətəndaşlar bir daha xahiş olunur ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.