ELM VƏ TƏHSİL
Paytaxtdakı 82 nömrəli məktəbdə ənənəvi dərslər bərpa olunur
Bakı, 3 mart, AZƏRTAC
Martın 4-də paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb kontingenti üçün Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti martın 4-də başa çatır.
Xatırladaq ki, 82 nömrəli tam orta məktəbdə 1 şagird və 2 müəllimin COVID-19 testi pozitiv çıxdığına görə tədris ocağı fevralın 19-da müvəqqəti olaraq distant təhsil formasına keçilmişdi.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ-nin rəhbərliyi və əməkdaşları hər gün məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.